Mətnlərin mürəkkəbliyini ölçmək üçün oxunabilirlik düsturları nə qədər faydalı
və obyektiv olsa da, onların çatışmayan cəhətləri də vardır. Bu düsturların
çatışmazlıqları bir sıra araşdırıcıların müzakirə və mübahisə mövzusu olmuşdur.
Oxunabilirlik düsturlarının müəyyən olunmuş bəzi başlıca çatışmazlıqları bunlardır:
- Onlar konseptual mürəkkəbliyi ölçə bilmir: heç bir düstur
qiymətləndirilən sənədin məzmununu nəzərə almır. Məsələn, bəzi
düsturların nəticələrinə görə Eynşteynin nisbilik nəzəriyyəsinin
oxunabilirliyi 5-ci sinif səviyyəsindədir.
- Onlar ifadənin anlaşılmaz olmasını yoxlaya bilmir: əgər mətndəki
sözlərin yeri dəyişdirilərək mətn şifrlənibsə, oxunabilirlik balı eyni qalır;
məsələn, “Ayselin çoxlu şəkilli kitabları var” ifadəsi ilə “çoxlu şəkilli
Ayselin var kitabları” ifadəsi tamamilə eyni qiymətə malikdir. Aydındır ki,
ikinci cümlə mənasızdır, ancaq oxunabilirlik düsturları bunu aşakarlaya
bilmir.
- Eyni bir mətn üçün oxunabilirlik düsturlarının nəticələrində
uyğunsuzluq olur: məsələn, Fleş-Kinsayd düsturunun 16.7 balla
qiymətləndirdiyi mətn üçün Qanninq indeksi 22.6, SMOG qiyməti isə 18.5
ola bilir. Bu fərqin səbəbi ayrı-ayrı düsturların fərqli dəyişənlərdən və fərqli
qiymətləndirmə meyarlarından istifadə etməsidir.
- Onlar bütün oxucuları eyni hesab edir: oxunabilirlik düsturları
oxucuların xüsusiyyətləri arasında heç bir fərq qoymur. Yəni onlar
oxucuların müxtəlif məqsədli olmalarını, onların yetkinlik səviyyələrini və
bacarıqlarını nəzərə almır.
Oxunabilirlik düsturları bütün çatışmazlıqlarına baxmayaraq çox faydalıdır və bu
gün çox geniş istifadə olunur (sadəcə, hər bir düstur mətnin müəyyən özəlliyini nəzərə
aldığından digər düsturlarla əlaqəli tətbiq olunmalıdır). Məsələn, ABŞ-da bu
düsturların köməyi ilə dərsliklərin mürəkkəblik indeksləri müəyyən olunmuşdur ki,
bu da müəllimlərə öz şagirdləri üçün münasib dərsliklər seçməyə imkan verir. Eləcə
də başqa kitabların oxunabilirlik dərəcəsi hesablanmış və bu məlumatlar
kitabxanaçılara verilmişdir ki, onlar da oxucularına uyğun kitablar seçməkdə məsləhət
verə bilsinlər.
ABŞ-da əlyazmaların qiymətləndirilməsi üçün də bu düsturlardan istifadə olunur
və həddən artıq mürəkkəb əlyazmalar müəlliflərə qaytarılır. Oxunabilirlik düsturları
təlimatların mürəkkəbliyini qiymətləndirmək üçün də tətbiq olunur.