Fleş-Kinsaydın təhsil səviyyəsi düsturu

Fleş-Kinsaydın təhsil səviyyəsi düsturu (Flesch-Kincaid Grade Level Formula) Fleşin oxuma asanlığı düsturunun təkmilləşdirilmiş variantıdır [44]. Bu düsturun fərqli adlarına da rast gəlinir: Flesch-Kincaid Index, Flesch-Kincaid Grade Level Score, Flesch-Kincaid Scale, Flesch- Kincaid Score, Flesch-Kincaid Readability Score, Flesch-Kincaid Readability Statistics, Flesch- Kincaid Grade Level Index, Flesch-Kincaid Readability Index, Flesch-Kincaid readability equation.
Başlanğıcda ABŞ hərbi-dəniz qüvvələrində istifadə məqsədilə hazırlanmış bu düstur daha çox təhsil sahəsinə uyğundur və hazırda orada geniş istifadə olunur. Fleş-Kinsaydın təhsil səviyyəsi düsturunun tətbiqindən alınan qiymət mətnin oxunabilirliyini deyil, onun hansı təhsil səviyyəsi (hansı sinif) üçün nəzərdə tutulduğunu göstərir. Bu da müəllimlərə, valideynlərə, kitabxanaçılara və başqalarına müxtəlif kitabların və mətnlərin oxunabilirlik səviyyəsi haqqında daha tez fikir söyləməyə imkan verir. Düstur aşağıdakı kimidir:

GL = (0.39 x ASL) + (11.8 x ASW)-15.59


burada GL – təhsil səviyyəsinin göstəricisi, ASL –orta cümlə uzunluğu (sözlərin sayının cümlələrin sayına nisbəti), ASW isə sözdəki hecaların orta sayıdır (hecaların sayının sözlərin sayına nisbəti).
Düsturun tətbiqi nəticəsində alınan ədəd uyğun təhsil səviyyəsini göstərir. Məsələn, 8.2 qiyməti mətnin orta səviyyəli 8-ci sinif şagirdi (adətən, 12-14 yaş) üçün başa düşülən olacağını bildirir. Yuxarıda göstərilmiş "The Australian platypus is seemingly a hybrid of a mammal and reptilian creature" (“Avstraliya ördəkburunu zahirən məməli və sürünənin hibridinə bənzəyir”) cümləsi üçün alınan qiymət 13.1 olur (o, 13 sözdən və 26 hecadan ibarətdir). Düsturdan göründüyü kimi, mətndəki sözlərin sayı və sözlərdəki hecaların sayı nə qədər az olarsa, alınan qiymət də bir o qədər kiçik olar, və deməli, mətni daha aşağı yaşlı oxucular başa düşə bilər.
Bu düstur təcrübi yolla ingilis dilində olan mətnlər üçün alınıb. Ona görə də onu Azərbaycan dilində olan mətnlərə tətbiq etmək üçün həmin düsturdakı əmsallar korrektə edilib.(bax)