Fleşin oxuma asanlığı düsturu

Fleşin oxuma asanlığı düsturunda (Flesch Reading Ease Formula) "oxuma asanlığına" təsir edən faktorlar olaraq iki dəyişən – mətndəki cümlə uzunluğu və sözdəki heca sayından istifadə edilir:

K = 206.835 – (1.015 x S) – (84.6 x W),


burada K – mətnin mürəkkəbliyinin (oxuma asanlığının) göstəricisi, S – orta cümlə uzunluğu (sözlərin sayının cümlələrin sayına nisbəti), W isə sözdəki hecaların orta sayıdır (hecaların sayının sözlərin sayına nisbəti).
Düsturun asan tətbiqi üçün bu yazıda belə bir metodika təklif olunur: hər hansı mətndən 100 söz götürülür, oradakı cümlələrin orta uzunluğu və həmin yüz sözdəki orta heca sayı hesablanır. Oxuma asanlığının qiyməti 100-dən (çox asan mətn) 0-dək (çox çətin mətn) dəyişə bilir.

Fleşin oxuma asanlığı qiymətləri


Oxuma asanlığının qiyməti (K)Təsviri
0-29çox çətin mətn
30-49çətin mətn
50-59nisbətən çətin mətn
60-69standart mətn
70-79nisbətən asan mətn
80-89asan mətn
90-100çox asan mətn

Nəzəri olaraq, oxuma asanlığının qiyməti göstərilən intervaldan kənara da çıxa bilər. Belə ki, ən yüksək oxunabilirlik balı (ən asan mətn) təxminən 120 ola bilər; məsələn, belə mətnin hər bir cümləsi iki birhecalı sözdən ibarət olur. Oxunabilirlik balının nəzəri olaraq aşağı sərhədi (ən aşağı qiyməti) yoxdur, çünki mətnə ixtiyari sayda çoxhecalı söz əlavə etməklə onun oxunabilirlik balını istənilən qədər aşağı salmaq olar.
Bu düstur təcrübi yolla ingilis dilində olan mətnlər üçün alınıb. Ancaq məlumdur ki, ingilis dilindən fərqli olaraq, Azərbaycan dili morfoloji tip baxımından şəkilçili (aqqlütinativ) dil olduğundan bu dildə orta cümlə uzunluğu ingilis dili ilə müqayisədə az, orta söz uzunluğu isə, əksinə, çoxdur. Belə ki, bəzən Azərbaycan dilində bir sözlə ifadə olunan fikir ingilis dilində bir neçə sözdən ibarət cümlə şəklində olur; məsələn: "Evdəydim." ("I was at home."). Ona görə də, Fleşin oxuma asanlığı düsturunu Azərbaycan dilində olan mətnlərə tətbiq etmək üçün həmin düsturdakı əmsallar korrektə edilib. (bax)