"Oxunabilirlik" anlayışı

Mətnlərin mürəkkəbliyi ilə bağlı elmi tədqiqatlara XIX əsrin sonlarında ABŞ-da başlanılmışdır. Mətnin mürəkkəblik səviyyəsini, onun qavranılma dərəcəsini göstərmək üçün "oxunabilirlik" ( ingiliscə: "readability" ) terminindən istifadə olunur. Oxunabilirliyin qiymətləndirilməsi üçün bir çox riyazi modellər qurulmuşdur ki, onların da əksəriyyəti riyazi düsturlar şəklindədir. Oxunabilirlik düsturları ( readability formulas ) adlandırılan bu düsturlar elmi və kütləvi ədəbiyyatda oxunabilirlik testləri ( readability tests ), oxunabilirlik metrikası ( readability metrics ) kimi də ifadə olunur. Qeyd olunmalıdır ki, 1920-ci ildən 1980-ci ilədək ingilis dilindəki mətnlər üçün 200-dən artıq oxunabilirlik düsturu işlənib hazırlansa da, onların heç də hamısı kütləvilik qazana bilməmişdir. Onların içərisində aşağıdakı düsturlar daha geniş istifadə olunur:

  1. Fleşin oxuma asanlığı düsturu ( Flesch Reading Ease Formula )
  2. Fleş-Kinsaydın təhsil səviyyəsi düsturu ( Flesch-Kincaid Grade Level Formula )
  3. Frayın oxunabilirlik düsturu ( Fry Readability Formula )
  4. Qanninqin dumanlıq indeksi ( Gunning Fog Index )
  5. Deyl-Çellin oxunabilirlik düsturu ( Dale-Chall Readability Formula )
  6. SMOG düsturu ( SMOG Formula )
  7. Speşin oxunabilirlik düsturu ( Spache Readability Formula )
  8. Povers-Samner-Kerl oxunabilirlik düsturu ( Powers-Sumner-Kearl Readability Formula )
  9. FORCAST düsturu ( FORCAST Formula )
Nəzərə alınmalıdır ki, oxunabilirlik düsturları mətnin qavranılması üçün yeganə keyfiyyət göstəricisi deyildir. Mətnin qavranılması və materialın başa düşülməsinə cümlələrin quruluşu, səhifədə olan sözlərin sayı, illüstrasiyaların olması, çarpaz istinadlar, səhifədəki yeni sözlərin sayı, mücərrəd sözlərin sayı və bu kimi başqa faktorlar da təsir göstərir. Oxunabilirliyin qiymətləndirilməsi düsturları müəllif üslubunun incəliklərini dəyərləndirə bilmir, ancaq onlar sadə, aydın mətni mürəkkəb mətndən dəqiq fərqləndirir.
Bəs mətnin hansı xarakteristikalarının onun mürəkkəbliyinə təsir etməsi necə müəyyən olunur? Başqa sözlə, mətnin mürəkkəblik dərəcəsini qiymətləndirmək üçün hansı amillər nəzərə alınmalıdır?
Mürəkkəblik amillərinin aşkarlanması prinsipi çox sadədir: bəziləri sadə, digərləri isə mürəkkəb olmaqla bir neçə mətn götürülür. Bu mətnlər ayrı-ayrı göstəricilər – məntiqi quruluş, mövzu, cümlələrin uzunluğu və başqa parametrlər üzrə müqayisə olunur. Əgər xarakteristikanın qiyməti asan mətnlərdən mürəkkəb mətnlərə keçdikcə dəyişilirsə, demək, bu xarakteristika mətnin mürəkkəblik amillərindən biridir. Məsələn, sadə və mürəkkəb mətnlərin müqayisəsi zamanı mürəkkəb mətnlərdə daha çox naməlum sözlərin və uzun cümlələrin olmasını görmək olar. Deməli, sözlərin tanış olması və cümlələrin uzunluğu mətnin mürəkkəbliyi ilə bağlıdır.
Ümumiyyətlə, tədqiqatçılar mətnin mürəkkəbliyinə ən çox təsir edən 17 parametri seçdirirlər.

Mətnlərin mürəkkəbliyinə ən çox təsir edən parametrlər


Parametrin adı ( azərbaycanca ) Parametrin adı ( ingiliscə )
1 Orta cümlə uzunluğu ( sözlərlə ) Average sentence length in words
2 “Asan” sözlərin faizi Percentage of “easy” words
3 6-cı sinif şagirdlərinin 90%-nin bilmədiyi sözlərin sayı Number of words not known to 90% of sixth-grade students
4 “Asan” sözlərin sayı Number of “easy” words
5 Fərqli “çətin” sözlərin sayı Number of different “hard” words
6 Minimum hecalı cümlə uzunluğu Minimum syllabic sentence length
7 Tam aydın cümlələrin sayı Number of explicit sentences
8 Birinci, ikinci və üçüncü şəxs əvəzliklərinin sayı Number of first, second, and third-person pronouns
9 Maksimum hecalı cümlə uzunluğu Maximum syllabic sentence length
10 Orta cümlə uzunluğu ( hecalarla ) Average sentence length in syllables
11 Birhecalı sözlərin faizi Percentage of monosyllables
12 Bir abzasdakı cümlələrin sayı Number of sentences per paragraph
13 6-cı sinif şagirdlərinin 90%-nin bilmədiyi fərqli sözlərin faizi Percentage of different words not known to 90% of sixth-grade students
14 Sadə cümlələrin sayı Number of simple sentences
15 Fərqli sözlərin faizi Percentage of different words
16 Çoxhecalı sözlərin faizi Percentage of polysyllables
17 Sözönlü ifadələrin sayı Number of prepositional phrases

Hər bir dilin özünəməxsus sintaksisi, başqa sözlə, kəlmə ( söz ) və cümlə quruluşu var. Başqa sözlə, bu parametrlərin qiymətləri müxtəlif dillər üçün eyni deyildir. Belə ki, məsələn, ingilis dilində sözlərin orta uzunluğu Azərbaycan, yaxud rus dili ilə müqayisədə qısadır. Bundan başqa, müxtəlif dillərdə sözlərdə olan hecaların miqdarı fərqli qaydada hesablanır: dillərin əksəriyyətində sözdəki hecaların sayı həmin sözdəki saitlərin miqdarı ilə müəyyən olunsa da, bəzi dillərdə bu say tələffüzdən asılı olur. Məsələn, ingilis dilində “analyse” sözü üç hecadan ibarətdir, ancaq “analyses” sözü dörd hecalıdır. Ona görə də bir dildəki mətnlər üçün hazırlanmış oxunabilirlik düsturunu başqa dildəki mətnlərə tətbiq etdikdə düzgün olmayan nəticələr alına bilər. Daha dəqiq desək, ingilis dilinin sintaksisinə uyğun hazırlanmış və bəziləri ilə yuxarıda tanış olduğumuz oxunabilirlik düsturlarını Azərbaycan dilində olan mətnlərə tətbiq etmək üçün həmin düsturdakı əmsallar korrektə edilməlidir.